“Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq. Müxtəlif ölkələr imkan tapan kimi digər ölkələrin daxili işinə qarışmağa maraq göstərirlər. Kütləvi informasiya vasitələri də fəal olmalı və hər bir məsələni həm cəmiyyətə, həm də dünya ictimaiyyətinin diqqətinə düzgün çatdırmalıdır. Biz birlikdə çalışmalıyıq ki, bunun öhdəsindən gələk”. 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. M.Pənahov qeyd edib ki, bütün proseslərin fövqündə jurnalistlər dayanır. 

“Bütün ölkələrdə belədir. Mərkəzi Seçki Komissiyası həmişə kütləvi informasiya vasitələri ilə yaxından əməkdaşlıq edib. Azərbaycanda keçirilən bütün seçkilər xalqın iradəsi əsasında keçilir. Bu məsələyə kimsə müdaxilə edə bilməz. İdeal heç bir proses olmur. Həmişə demişik ki, proseslərdə müəyyən pozuntular ola bilər.

Çünki bu prosesin milyonlarla iştirakçısı olur, seçimlər də müxtəlifdir. Qanunvericilikdə nə tələb edirsə, ona uyğun iş qurulacaq. Azərbaycanda 5 min seçki məntəqəsi var. 2000-ci ildə hansısa məntəqədə problem olurdusa və iddia edilirdisə ki, bu pozuntu olmasaydı, filan namizəd seçiləcəkdi, artıq elə hallar baş vermir, məsələ dərhal araşdırılır, qiymət verilir.  Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsində böyük təcrübə qazanıb”.

 Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər sənədlərini fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər. 

MSK tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planına əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək (martın 12-si) davam edir. 

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.