İranda türk millətinin fars irqçiləri tərəfindən təhqir olunma halları və buna etiraz edən azərbaycanlıların sayı günbəgün artır.

Bu dəfə Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur bazar günü parlamentdəki çıxışında bu məsələyə etiraz edib. O bildirib ki, “mən bir türk kimi deputatlardan qövmlərə qarşı təhqiri suç sayan qanunun qəbul edilməsini istəyirəm.”

R.Həzrətpur məsulların fars irqçilərinin əməllərinə göz yummasından narahatlığını bu sözlərlə dilə gətirib: “Çox təəssüflər olsun ki, Azərbaycan əhalisinin kimliyinin aşağılanması və bununla bağlı laqeyd yanaşmaya şahid oluruq.”

Hələlik son günlərdə türklərin ünvanına stadionlarda səsləndirilən şüarlara digər azərbaycanlı millət vəkilləri reaksiya verməyib.

İranda türklərin rəsmi və qeyri-rəsmi şəxslər və qurumlar tərəfindən təhqirə məruz qalması yeni hadisə deyil. Bunu filmlər, ümumi məkanlar, stadionlar, kütləvi informasiya vasitələri və hətta rəsmi dərsliklərdə də görmək mümkündür. Fars irqçilərinin bu hərəkətləri düşünülmüş və planlı şəkildə həyata keçirildiyinə dair ciddi faktlar var. İrqçilərin heç bir zaman dövlət tərəfindən cəzalandırılması bunun bariz nümunəsidir.

Məsələn Tehranın “İstiqlal” və “Perspolis” komandalarının görüşlərində davamlı olaraq minlərlə insan türklərin ünvanına söyüş və təhqiramiz şüarlar səsləndirir, lakin bunun üçün komandalar Futbol Federasiyasının İnzibati Komitəsi tərəfindən cəzalandırılmır. Bu həm də Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) qanunlarına ziddir.

Martın 1-də Tehran derbisində “İstiqlal” və “Piruzi” komandalarının tərəfdarları hamısı birlikdə “ölüm olsun türkə” şüarı səsləndirmişdir. /gunaz.tv/

https://www.youtube.com/watch?time_continue=11&v=aPxslK_oZoo