İki həftə əvvəl Tehran Universitetinin qarşısında polis əməkdaşları tərəfindən həbs edilərək Evin zindanına aparılan azərbaycanlı öyrənci, Pərisa Rəfiinin təkadamlıq kamerada saxlanılması barədə məlumat yayılıb.

Bildirilir ki, həbsindən 15 gün keçməsinə baxmayaraq, zəncanlı öyrəncinin durumu naməlum olaraq qalır. Yayılan məlumata əsasən, azərbaycanlı öyrənciyə qarşı bir həftə əvvəl (martın 4-də)  müxtəlif ittihamlar irəli sürülərək barəsində müvəqqəti həbs qərarı çıxarılsa da, həmin ittihamlar ailəsinə açıqlanmır.

Pərisanın valideynlərinin hüquq müdafiəçilərinə bildirdiyinə görə, o, tutulduğu gündən Tehranın Evin zindanının təkadamlıq kamerasında (infiradidə) saxlanılır. Onun saxlandığı həmin müddətdə, cürbəcür təzyiq və təhdidlərə məruz qaldığı qeyd olunur.

İran parlamentinin deputatı Fatimə Səidi, martın 10-da özünün şəxsi “Twitter” səhifəsində paylaşdığı bir yazısında, zəncanlı öyrəncinin durumu ilə maraqlandığını açıqlayıb. O deyib ki, Pərisa Rəfiinin valideynləri ilə əlaqə saxlayıb: “Dünən, Pərisanın valideynləri ilə görüşüb danışdım. Atasının sözlərini eşidəndən sonra onun durumu ilə maraqlandım və aidiyyətli qurumlarla əlaqə saxladım. Nəticədə, Pərisa ötən gecə ailəsi ilə telefonla danışa bildi. Ümid edirəm ki, Məhkəmə Sistemi rəsmiləri elə bir tədbir görsünlər ki, bu qız, bayram gecəsi öz evlərində, valideynlərinin yanında olsun”.

                                       İran parlamentinin deputatı Fatimə Səidi

Qeyd edək ki, Tehran Universitetinin “İncəsənət fakültəsi”nin fotoqrafiya ixtisası üzrə öyrəncisi Pərisa Rəfii, fevralın 25-də tutulub. Həbsindən əvvəl, Pərisanın universitetdə qanun çərçivəsində bir sıra mədəni fəaliyətlə məşğul olduğu bildirilir.

Son aylar, İranda qadın hüquq müdafiəçilərinə, o cümlədən də rejimin məcburi hicab siyasətinə qarşı mübarizə aparan qadınlara və tələbə qızlara qarşı təzyiqlər gücləndirilib./gunaz.tv/