İran Azərbaycanı və Tehranda satılmaq məqsədi ilə nəşr edilən 1397-ci hicri ilinin ‘türkcə təqvim’i ilə əlaqədar Mehdi Qəməri Binisli adlı daha bir milli fəalın Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilir.

Ettelaat qüvvələri daha əvvəl, mart ayının 14-də Tehranda fəaliyyət göstərən bir mətbəənin sahibi olan türk fəal Behnam Nurməhəmmədini nəzarət altına alıb.

Fəalın nəzarətə alınmasına cavab olaraq güneyli sosial media istifadəçiləri onun həbsinin Novruz Bayramı ərəfəsində nəşr edilən “türkcə təqvim” ilə bağlı ola biləcəyini irəli sürüb. Daha sonra təhlükəsizlik qurumuna yaxınlığı ilə tanınan bir internet səhifəsi də bunu təsdiq edib.

Mehdi Qəməri Binislinin də həmin mövzu ilə əlaqədar həbs olunduğunu bildirən HRA agentliyi kimi mənbələr, Behnam Nurməhəmmədinin isə nəzarətdə saxlanma müddətinin 10 gün daha uzadıldığına dair məlumat veriblər.

Behnam Nurməhəmmədi
Behnam Nurməhəmmədi

İran Azərbaycanı və Tehrandakı mədəni fəallar hər il Novruz Bayramı ərəfəsində türkcə təqvimlər nəşr edirlər. Əhali tərəfindən geniş rəğbət görən bu təqvimlərdə Azərbaycan tarixi və türk mədəniyyətini əks etdirən şəkillər və önəmli tarixi məlumatlar yer alır.