Ötən günlərdə “Təbriz Məşrutə Evində” olan iranlı bir irqçi Azərbaycanın tarixi şəxsiyyətləri və türk millətini kobud şəkildə təhqir etmişdir, artıq onun polis tərəfindən saxlandığını əks etdirən bir video yayılıb.

Həmin şəxs Şərqi Azərbaycan Polis İdarəsi tərəfindən yayılan videoda etdiyi yanlış əməldən peşmançılıq hissi keçirdiyini dilə gətirərək Təbriz əhalisindən üzr istəyib.

Videoda göründüyü kimi, saxlanılan şəxs arxası kameraya tərəf oturub və yazılı bir mətndən oxuyaraq bildirir ki, “Mən tətil günlərində Təbrizə gəldim, burada istəmədən bir şəkil çəkdirdim. Bu şəkil internetdə yayıldı. Burada qəhrəman Təbriz əhalisindən üzr istəyir, onların ayaqlarının torpağından öpürəm.”

Bu mətnin polis tərəfindən yazılıb ona verildiyi ehtimal olunur. Ona görə ki, bu sözlər onun irqçi təfəkkürünü heç bir şəkildə uyğun gəlmir.

O ötən günlərdə Təbrizə gəlib və “Təbriz Məşrutə Evi”ndə Milli Sərdar Səttarxanın heykəlinin yanında şəkil çəkdirib. İrqçi şəxs şəkil çəkdiyi zaman təhqiramiz bir şəkildə heykəlin qulağından tutub. O bu görüntünü İnstaqram səhifəsində yayıb, onun altında isə türklərin ünvanına olduqca aşağılayıcı ifadələr işlədib. Bu ifadələr təmami ilə etikadan kənar olduğu üçün onları burada yazmaq mümkün deyil.

Saxlanılan şəxs türklərin qadın hökmdarı Tomris xatun, Səttarxan və Baqirxanın adını nifrətlə çəkərək bildirib ki, “biz türklərin mif yaratmasına imkan verməyəcəyik. İranın mifi yalnız böyük Kuruşdur, vəssalam!”

Polis saxlanılan şəxsin kimliyi barədə dəqiq məlumat verməyib, lakin Şərqi Azərbaycan Polis İdarəsi rəsmilərindən biri onun ölkənin əyalətlərindən birində yaxalanıb Təbrizə gətirildiyini bildirib. Türklərə qarşı irqçi mövqedə olması və fars dilində rəvan danışmasını nəzərə alaraq onun fars əyalətlərinə mənsub olduğu ehtimal edilir.

İranda qeyri-fars millətləri, xüsusi ilə də türk və ərəb millətləri ən azı yüz ildir ki, fars irqçiləri tərəfindən sistemli şəkildə təhqirlərə məruz qalır. Bunu dərsliklər, kütləvi informasiya vasitələri, idman stadionları və elmi və dini məkanlarda müşahidə etmək mümkündür. Qeyd olunan sahələr dövlətin nəzarətində olduğu üçün, türklərin ardıcıl təhqirə məruz qalmasında rejimin rolu inkaredilməzdir./gunaztv/

https://www.youtube.com/watch?time_continue=5&v=daURDDCgAHM