Novruz bayramı günlərində Gilan rəhbərliyi “Heyran gədiyi”ndə bu məntəqənin Gilana aid olduğunu göstərən lövhələr yerləşdirmişdir.

“Heyran gədiyi”nin Ərdəbil Əyalətindən qoparıb Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər azərbaycanlıların kəskin etirazına səbəb oldu, qısa müddətdə əksər lövhələr azərbaycanlı gənclər tərəfindən rənglənərək oxunulmaz hala salındı, onlardan bəziləri isə qaldırıldı.   

 Bazar günü GünAz TV mətbuat mərkəzinə verilən məlumata görə, Nəmin tunelinin yanında quraşdırılan lövhə yenidən bərpa olunub. Gənclər həmin lövhədə “Azərbaycana xoş gəlibsiniz” ifadəsini əks etdirmək üçün “Gilan Əyaləti”inin yerinə Azərbaycan bayrağı yapışdırmışdır. Lakin Gilan rəhbərliyi lövhəni yenidən bərpa edib. Artıq Gilan sözü yenidən dərc olunub. Lövhədə “Həştpər”in yerinə “Talış” yazılması da xüsusi diqqət çəkir.

Bu arada Gilan valisi Mustafa Salari Astara Şəhər İcra Hakimiyyətinin başçısı və Rəştin digər məsulları ilə birgə “Heyran gədiyi”nə baxış keçirib.

Şənbə günü baş tutan görüş “Heyran gədiyi”nin Gilana birləşdirilməsi ilə bağlı cəhdlərin və ona olan etirazların artdığı günlərə təsadüf edir. Gilan rəhbərliyi Nəmin tunelinin başlanğıcına qədər gedib, onlar bu məntəqənin Ərdəbilə aid olmadığına eyham vurublar. Hətta Astaranın yerli olmayan İcra Hakimiyyəti başçısı İnstaqram səhifəsində görüntülər yayaraq bildirib ki, “Heyran gədiyi”nə səfər etməkdən məqsəd, Gilan Əyalətinin coğrafi ərazisinə baxış keçirmək olub.

Qeyd edək ki, Nəmin tunelinin başlanğıcı konkret olaraq Rəşt rəhbərliyinin Gilan Əyalətinin giriş lövhəsini quraşdırmaq istədiyi yerdir.

Son vaxtlar “Heyran gədiyi”nin Ərdəbildən ayıraraq Gilana ilhaq edilməsi ilə bağlı müxtəlif işlər görülür. Hökumətin planı əsasında hərəkət edən Gilan rəhbərliyi açıq-aşkar Azərbaycana ərazi iddiası irəli sürür. Bütün bunlar azərbaycanlıların kəskin etirazına səbəb olub./gunaz.tv/