“Son günlər manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır. 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı acıq-aydıq görünür”.

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibakrlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.

Deputat qeyd edib ki, 1-ci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2.3% artıb, iqtisadiyyata 3.5 mlrd $ investisiya qoyulub:

“Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olub. Xarici ticarət dövriyə 31%, ixracın həcmi isə 24% artıb”.

T.Mirkişilinin sözlərinə görə, inflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10% artıb:

“Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70$-dan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün isə nəzərdə tutulmuş rəqəm 45 dollardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur”.