İran xəbər agentliklərinin bildirdiyinə görə, Traktorsazi klubunun mülkiyyəti ilə əlaqədar bəzi mübahisələrə baxmayaraq, İnqilab Keşikçiləri Korpusu (Sepah) klubun satış prosesini başa vurub.

İran Azərbaycanında türk kimliyinin simvolu kimi tanınan Traktorsazi futbol komandasının yeni sahibi Təbrizli iş adamı Məhəmməd Rza Zunuzi İranın ən zəngin 10 adamından biri kimi tanınır.

İnqilab Keşikçiləri Korpusunun Şərqi Azərbaycan qolu (Sepah-i Aşura) bir neçə həftə əvvəl klubu satışa qoyduğunu bildirmişdi.

Amma İran Futbol Federasiyasının sabiq məsullarından olan Nasir Şəfəq rəsmi xəbər agentlikləri ilə müsahibədə Traktorsazinin əsl sahibi olduğunu irəli sürüb.

Şəfəqin İRNA agentliyində dərc edilən ifadələrinə görə, “8 il əvvəl naməlum səbəblər üzündən klubun mülkiyyətini məndən aldılar və indi klubun satışa qoyulması məni heyrətə salıb.”

Əslən Xoy şəhərindən olan Şəfəq həmçinin deyib ki, “haqqımı almaq üçün FIFA-ya şikayət vermək istəmirəm. Çünki, FIFA ölkəmizi Dünya Kuboku yarışlarına qatılmaqdan məhrum edə bilər.

Təbrizdəki Traktor Zavodunun himayəsi ilə 1970-ci ildə təsis edilmiş klub 90-cı illərdə rumıniyalı məşqçi Vasili Qocanın rəhbərliyi ilə önəmli uğurlara imza atmışdı.

Son illər klubun azarkeş bazası İran və dünya mediasını diqqətini çəkəcək xeyli genişlənib. “Traxtor” hazırda Təbrizdən əlavə İran Azərbaycanı və ölkənin digər türk bölgələrində ən çox azarkeşi olan futbol komandasıdır.

Traktorsazi azarkeşləri türk dilində məktəb tələb edir

Traktorsazi azarkeşləri türk dilində məktəb tələb edir

“Traxtor”-u satın alan Məhəmməd Rza Zunuzi Təbrizin “Maşinsazi” və “Polad” klublarının sahibidir.

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan Traktorsazi klubu ölkədə türk kimliyinin bir simvolu kimi dəyərləndirilir. Komanda Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.