İranın Təhsil naziri Məhəmməd Bəthayinin ötən günlərdə yerli adlandırdığı dillərə qarşı açıqlaması Azərbaycan əhalisi ilə yanaşı bəzi yerli məsulları da dilə gətirib.

Təbrizin imam cüməsi Məhəmmədəli Al-i Haşim Təhsil nazirinin qeyri-fars dillərində dərs keçməyin qadağan olması ilə bağlı açıqlamasını tənqid edərək azərbaycanlıların İran uğrunda etdikləri fədakarlıqları xatırladıb.

İmam cümə Təbrizdə yerli məsullarla keçirilən görüşdə Azərbaycan əhalisinin öz varlığına bağlı olduğunu vurğulayıb.

“Biz ölkəmizə və ideyalarımıza bağlı olduğumuz kimi, bölgəmizə, dilimizə və Azərbaycana da bağlıyıq. Əhali təkcə məktəblərdə deyil, universitetlərdə də bəzi dərsliklərin ana dilində tədris olunmasını tələb edir. Biz Azərbaycana olan eşqimizi əsla unutmayacayıq”- deyə o bildirib.

Məşrutə Hərəkatı və islam inqilabı dövrünü xatırladan M.Al-i Haşim Azərbaycanın hər zaman bütün sahələrdə ön sıralarda olduğunu diqqətə çatdırıb.

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

O bu barədə Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda çıxış edərkən danışıb.

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər.

Əslində ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimiz sayılır. Məlum olduğu kimi, ikidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır”- deyə nazir vurğulamışdır.

İranda qeyri-fars dilləri, o cümlədən 30 milyondan çox Azərbaycan türkünün ana dili nəin ki dövlət dəstəyindən məhrumdur, hətta dövlətin güclü təzyiqi ilə üz-üzədir. Türk dilində təhsilə qoyulan qadağa bu dilə qarşı aparılan asimilasyon siyasətinin tərkib hissəsidir. Milyonlarla Azərbaycan türkü dövlətin bu qeyri-insani və qanunsuz siyastinə uzun illərdir etiraz bildirsələr də bu vəziyyət hələ də davam edir./gunaz.tv/