Mərhum prezident, Azərbaycan milli-azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin dünyadan köçməsinin 18-ci ili tamam olur.

Modern.az saytı mərhum eks-prezidentin anım günündə ailəsi ilə əlaqə saxlamağa çalışıb. Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev saytımıza açıqlamasında deyib ki, atasının yoxluğuna hələ də alışa bilmirlər.

“Hər il avqustun 22-si gələndə bir kənara çəkilməyə çalışıram. Həmin tarixdə atamı itirdik. Həmin vaxtlar uşaq olsam da, atamın aramızda olmamasının acısını kiçik yaşlarımda yaşadım. Məhz bu tarixdə onun yoxluğundan danışmaq çox ağırdır. Sevgisinə, qayğısına ehtiyacım olduğu vaxt onu itirməli oldum. Ömrümün sonuna qədər onun yoxluğuna alışmayacam. O, həmişə xalqın içində olub. Biz onu həmişə narahat görürdük. Həmişə xalqın gələcəyi barədə düşünürdü.  Bir övlad olaraq atamın yanımızda olmasını istərdim. O, hər şeydən öncə bizim üçün şərəfli ömür qoyub gedib. Ruhu şad olsun”.

Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 1938-ci il iyunun 24-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində anadan olub.

1980-ci illərdə Azərbaycan xalq hərəkatının lideri, Azərbycan Xalq Cəbhəsinin sədri olub. O 1992-1993-cü illərdə Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş prezidenti olub.

2000-ci il avqustun 22-də vəfat edib.