Sentyabrın 1-də Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 3-cü Şöbəsində 7 azərbaycanlı milli-mədəni fəalın apelyasiya şikayətinə baxılıb.

2015-ci ilin noyabr ayında məlum “Fitilə” verilişinə etirazlarla bağlı saxlanılan fəallardan Əkbər Əbulzadə, Hamid Allahverdipur, Murtaza Şükri və İsrafil Fətullazadə Apelyasiya Məhkəməsinin təşkil etdiyi iclasa qatılıb, lakin Saleh Molla Abbasi, Süleyman Kazimi və İbrahim Nurinin (Evin zindanında həbsdədir) iclasa qatılmaq imkanları olmayıb.

Hakim Əlizadənin sədrliyi ilə keçirilən iclasda üç nəfərlik heyət fəalların özünümüdafiəsi ilə bağlı irəli sürdükləri dəlilləri gözdən keçirib. Heyət təhqiramiz “Fitilə” verilişinin əməlini  yanlış, ona qarşı keçirilən etiraz aksiyalarını isə bölücülük adlandırıb. Fəallar sonda “islam cümhuriyyətinin təhlükəsizliyinə qarşı təbliğat aparmaq”da ittiham olunub.

Fəallar bundan əvvəl Əhər İnqilab məhkəməsinin 1-ci Şöbəsi tərəfindən toplam olaraq 58 ay həbs cəzasına məhkum edilib. Saleh Molla Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri hər biri 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, Murtaza Şükri və İsrafil Fətullazadə hər biri 7 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Verilişdən sonra Güney Azərbaycan şəhərləri və xaric ölkələrdə İran rejiminin irqçi siyasətinə qarşı silsilə etirazlar başladı, aksiyalar zamanı onlarla soydaşımız saxlanılaraq məhkəmə qarşısına çıxarıldı.

Türkləri təhqir edən “Fitilə” verilişi lümpenlərinin təxminən cəzasız buraxılması azərbaycanlıların dəfələrlə etirazına səbəb olub./gunaz.tv/