Oktyabrın 9-da Ərdəbildə azərbaycanlı milli-mədəni fəal Muctaba Pərvin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumata görə, təhlükəsizlik məmurları Muctaba Pərvinin ata evinə müraciət edərək məhkəmə hökmü təqdim etdikdən sonra fəalı saxlayıblar.

Məmurlar evdə axtarış aparmaq istəyib, lakin ailə üzvləri buna icazə vermədiyi üçün fəalı yaxaladıqdan sonra evi tərk ediblər.

Hələlik fəalın hansı səbəbdən saxlandığı barədə heç bir məlumat yoxdur.

Bundan əvvəl Muctaba Pərvinin qardaşları olan Murtaza və Mustafa Pərvin də təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıblar. Təhlükəsizlik orqanları hətta fəalların peşə fəaliyyətinə də maneçilik yaradır. Misal üçün, Mustafa Pərvinin “Şirvan dərəsi” adlı rəsm sərgisi təhlükəsizlik orqanlarının müdaxiləsi ilə ləğv edilib, onun keçirilməsinə icazə verilməyib.

Qeyd edək ki, Muctaba Pərvin yayın orta ayında Savalan dağına çıxarkən daha bir neçə fəalla birlikdə yaxalanaraq bir gün saxlanılıb.

Savalan dağı və Babək qalası yürüşü mərasimlərində tutulan fəallarla bağlı Beynəlxalq Əfv Təşkilatı bəyanat yayaraq azərbaycanlı milli fəallara qarşı təzyiqlərin dayandırılması və saxlanılan fəalların azadlığa buraxılmasını tələb etmişdir./gunaz.tv/