Baxmayaraq ki, İranda mühafizəkar axundların qadınların stadionlara getməsinə qarşı çıxışları davam edir, ölkənin məhkəmə sisteminin sədr müavini bu xüsusda iki şərt irəli sürüb.

Hadi Sadiqi bildirib ki, qadınların “haramları pozmadığı”, kişi idmançıların isə “naməhrəm hissələrinin örtülü olduğu” təqdirdə qadınlara stadionlarda idman yarışlarını izləməyə icazə verilə bilər.

Ötən il İran məhkəmə sisteminin sözçüsü də qadınların stadionlara buraxılması ilə bağlı Hadi Sadiqinin dediklərinə oxşar şərtlər irəli sürmüşdü. Bundan sonra AFK Çempionlar Liqasının final görüşünə baxmaq üçün bir qrup qadın seçilərək, stadiona buraxılmışdı. Lakin iranlı ekstremist axund Məkarim Şirazi qadınların stadionlara buraxılmasına görə digər din xadimlərini kəskin tənqid etmişdi.

Bununla belə Hadi Sadiqi bildirib ki, gərək dövlət və stadion birlikdə qadınlar stadionlarda olan zaman digər kişi tamaşaçılar tərəfindən “qeyri-etik şüarlar”ın səsləndirilməməsinə nəzarət etsinlər.  Onun sözlərinə görə, eləcə də “islam dininə görə, naməhrəmin bədənini görmək haram olduğundan, dövlətin bu xüsusda da tədbirlər planı var.”

İranda qadınlar digər təməl hüquqlardan məhrum olduqları kimi, inqilabdan sonra idman yarışlarına tamaşa etməkdən də məhrum olublar. İranlı axundları kişi idmançıların iştirak etdiyi yarışlara qadınların baxmasını dini baxımdan “qadağan” elan etdiyinə görə, bir müddət əvvəl ölkənin nüfuzlu qadınları Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎- FİFA-ya müraciət edərək, İran hökumətindən cinsi diskriminasiya son verməsini tələb etməsini istəyiblər.

Son aylar ərzində İran İdman Nazirliyi və Futbol Federasiyası FİFA və vətəndaş cəmiyyətinin təzyiqlərindən sonra seçim əsasında bəzi qadınların stadionlara buraxılması ilə bağlı qərar qəbul etsə də, onların bu addımı ölkə axundları məhkəmə orqanları tərəfindən kəskin şəkildə tənqid edilmişdi./gunaz.tv/