Bu gün Bakı-Gəncə marşrutu üzrə sürət qatarı hərəkətə başlayıb.

Modern.az xəbər verir ki, qatarın ilk sərnişinləri arasında media nümayəndələri və millət vəkilləri də var.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin, əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb edir. 

Qeyd olunub ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir.

Sərnişinlərin nəzərinə çatdırılıb ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.