Bu yaxınlarda Türkiyənin paytaxtı Ankarada Yaxın Şərq və İranın ictimai-siyasi məsələlərini gündəmə gətirən Maduniyyət dərgisinin ilk sayı buraxılıb.

Jurnalın baş redaktoru yaxın şərq eksperti Arif Kəskin Amerikanın Səsi ilə müsahibədə deyib ki, “Maduniyyət jurnalı Yaxın Şərq və İranda üzəri örtülən və səssizliyə məhkum olanlar haqqında yazı yazmağı hədəfləyir.”

“Fərqli strateji araşdırmalar mərkəzlərində çalışdığım illərdə bunu gördüm ki, dünyada və Türkiyədə olan araşdırma mərkəzləri ümumiyyətlə dövlət mərkəzli çalışırlar. Dövləti əsas alaraq araşdırmalarını həyata keçirirlər. Yazılarının önəmli bölümünü xarici siyasət və təhlükəsizlik mövzsu təşkil edir. Buna görə də, ölkələrin içindəki bir çox məsələ yazılmır,” araşdırmaçı söyləyir.

O, nümunə olaraq İranda müxtəlif icmaların üzləşdiyi problemlərin nüvə mövzusunun kölgəsində qaldığına diqqət çəkir:

“Məsələn, İran nümunəsində nüvə məsələsi haqqında yüzlərlə yazı var. Bir çox araşdırma mərkəzinin bu haqda hesabatları və yazılarını görə bilərsiniz. Amma bu mərkəzlərin çoxunda İrandakı qadının durumu haqqında yazılara rastlaşmağınız haradasa imkansızdır... Buna görə də, insanlar nüvə məsələsini öyrənir, amma oradakı işsizlik, işgəncə, qadınların durumu, quraqlıq və bu kimi məsələrə çox az yer verilir.”

Kəskin Maduniyyət dərgisinin bu boşluqları doldurmaq məqsədilə fəaliyyətə başladığını ifadə edir.

“Maduniyyət bu boşluqlara cavab olaraq ortaya çıxmışdır... Maduniyyət üzəri örtülən, səssizliyə məhkum edilən və haqqında haradasa hamının söz birliyi ilə susduğu məsələlər haqqında yazmağı hədəfləyir. Orada yaşayan türklər kimi, dini və etnik azlıqlar kimi, işçilər kimi” - deyə, Yaxın Şərq eksperti dilə gətirir.

O deyir ki, “Maduniyyətin fokus nöqtəsi yaxın şərq ölkələrinin daxili siyasətində baş verənlər olacaq. Cəmiyyətin maraqlandığı və hətta görməzdən gəldiyi məsələləri gündəmə gətirəcək.”

“Bizim muxatəb Yaxın Şərqin məsələləri ilə maraqlanan hər kəsdir” - deyə, Arif Kəskin tələbələrdən dövlət rəsmilərinə qədər geniş bir auditoriyanın hədəf alındığını önə çəkir.

“Şəxsi fikrim budur ki, hər kəs bunlar haqqında öyrənmək istəyə bilər. Təbii ki, bu dərgi müəyyən meyarları diqqətə aldığı üçün buna müəyyən bilgi səviyyəsi lazimdir. Bu mənada bizim oxucularımız tələbələr, müəllimlər, qəzetçilər, dövlət adamları və oxur-yazar kəsimdir,” araşdımaçı əlavə edir.

Maduniyyətin birinci sayında Arif Kəskin, Bilal Hatəmi, Merve Hatəmi, Cəlil Xaceyi, Qurban Əzimi, Azra. K.Ören, Ümid Qaragözlü və Emre Bayırın məqalələri dərc olunub.