“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin 1992-ci il fevralın 26-da erməni silahlıları tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımın 27-ci ildönümü ilə əlaqədar faciədə həyatını itirmiş şəxslərin xatirəsini yad edib”.

Modern.az xəbər verir ki, bu barədə İslam Əməkdaşlıq Təşkilatının bəyanatında bildirilir.

Baş katib qeyd edib ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım kimi dəyərləndirən İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə istinad edib.

Daha sonra baş katib Azərbaycanın ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini ifadə edib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücuma keçmiş, bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarını pozaraq oraya zirehli texnika yeritmiş, şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Ermənistan silahlı qüvvələrinin mühasirəsində qalmış şəhər sakinlərindən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı soyqırımını törətməklə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirmiş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etmişdir. Bunun nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.