Ankarada Qazi Universitetində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın qəhrəman qadınlarına həsr olunmuş dördüncü elmi seminar keçirilib.

Seminar Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfirinin xanımı Zümrüd İbrahim və səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibovanın çıxışları dinlənilib.

Azərbaycanda dövlət - qadın siyasətinin ayrı-ayrı istiqamətlərindən danışan çıxışçılar diqqətə çatdırıblar ki, müstəqil Azərbaycanda, cəmiyyətin aparıcı qüvvəsi olan qadının əməyinə yüksək dəyər verilir. Çıxışlarda Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti barədə iştirakçılara müfəssəl məlumat verilib. Qeyd olunub ki, birinci xanım rəhbərlik etdiyi sahələrdə böyük uğurlar əldə edərək insanların sevgisini qazanıb.

Azərbaycan qadınının yüksək mənəvi keyfiyyətlərindən, ailədəki fədakarlığından danışan natiqlər, vurğulayıblar ki, iki qardaş ölkənin qadınları tarixin bütün dövrlərində vətənin keşiyində dayanmağı özlərinə şərəf biliblər.

Mərasim panellərlə davam edib.

Panellərdə çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin dosenti Sevil Kərimova və Türkiyədə təhsil alan həmyerlimiz Gülnarə Hüseynli Azərbaycan qadınlarının cəsurluğundan söhbət açıblar. Qeyd olunub ki, Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində Azərbaycan qadınları böyük fədakarlıqla vətənimizin müdafiəsində olublar.

Türkiyəli professorlar Alev Çakmakoğlu, Ayşe Yücel Çetin: Meliha Yılmaz və dosent Meltem Katrançı çıxışlarında Azərbaycan və Türkiyədə qadınların yüksək keyfiyyətləri sayəsində cəmiyyətlərimizdəki dəyərlərin yüksəlişindən, keçmişdə və müasir həyatımızın inkişafındakı rolundan danışıblar. Diqqətə çatdırılıb ki, qadınlarımızın ortaq müsbət cəhətləri iki qardaş ölkənin münasibətlərinin inkişafına da töhfə verir.

Çıxışlarda vurğulanıb ki, hər zaman ürəyi vətən və xalq eşqi ilə döyünən qadınlarımızın ən böyük zəhməti ölkə üçün ləyaqətli övladlar böyütmək olub./azertag/