Milyonlarla tərəfdarı olan Güney Azərbaycanın “Traxtur” komandası növbəti dəfə İran mətbuatının qəzəbinə tuş gəlib.

“Həmşəhri” qəzeti Güney Azərbaycanın səsinə çevrilən “Traxtur” haqda bir məqalə dərc edərək mədəniyyət və nəzakəti ilə seçilən komanda tərəfdarlarını aşağılayıb və komandanın mövcud olmasından narahatlığını dilə gətirib.

“Nə üçün Traxturu sevmirik?” başlıqlı məqalənin müəllifi Rəsul Behrəveş “Traxtur” tərəfdarlarını nadan və fürsətçi adlandırıb. O komanda tərəfdarlarının milli şüurunu suala altına alaraq onların “Azərbaycan var olsun” şüarını sərt bir dillə pisləyib.

“Traxtur” komandasının Güney Azərbaycan türk millətinin səsinə çevrilərək güclü bir komanda kimi çıxış etməsi anti-Azərbaycan qüvvələri, o cümlədən ölkə əhalisinin vəsaiti hesabına fəaliyyət göstərən bir çox mətbuat orqanını qıcıqlandırır.

İran mətbuatında “Traxtur” və onun tərəfdarlarına qarşı davamlı olaraq yazılar dərc olunur, lakin buna baxmayaraq Güney Azərbaycanın milli komandası gün keçdikcə daha da çox tərəfdar qazanır. Bu proses azərbaycanlıların şüurlu şəkildə və müəyyən meyarlar əsasında “Traxtur”a dəstək verdiyinə dəlalət edir./gunaz.tv/