Amerika Birləşmiş Ştatlarında xüsusi təyinatlıların “Ranger” kursunu bitirən ilk və tək Azərbaycanlı, Azərbaycanın Milli Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabiti, polkovnik-leytenant Murad Mirzəyevin əziz xatirəsinə...

Bu yaşa gələnə qədər ölümün insana başucalığı gətirə biləcəyini bilmirdim... Onu da Sən öyrətdin bizə. Şərəfli ömür, şərəfli ölüm hərkəsə nəsib olmayan bir zirvəymiş. Yaşadığımız həyatda bəzi dəyərlərimiz var idi ki, onlar Səndən sonra çox dəyişdi. Artıq Üçrəngli Bayrağımıza baxanda Səni görürük, himnimizi eşidəndə ilk öncə Sən gəlirsən ağlımıza, yoldan bir əsgər keçəndə az qalırıq qucaqlayıb bağrımıza basaq. Budur Sənin bizlərdə qoyub getdiyin izlər...

Səni heç xatırlamırıq, çünkü heç yadımızdan, ağlımızdan çıxmırsan ki xatırlayaq da... Sözümüz də, söhbətimiz də Sən olmusan...

Getdiyimiz bütün tədbirlərdə, oxuduğumuz hər qəhrəmanlıq hekayələrində Səndən danışırlar... Sosial şəbəkələrdə hamı Səni paylaşır, hamı Sənin igidliyindən, şücaətindən söz açır...

Sən gedəndən sonra evindən qonaq-qaran heç çəkilmədi. Fizzəni, Nurlanı, Dənizi Sənə söz verdiyimiz kimi yalnız qoymuruq. Qayınanan Həqiqət xanım, qayınatan Səlim müəllim artıq sənin evinin daimi sakininə çevrildilər... Övladların hələ də yolunu səbirsizliklə gözləyir, hey Səndən danışırlar, hər telefon zəngi gələndə “Ana bəlkə atamdır” deyə ürəyimizi parçalayırlar, hələ də özümüzdə cəsarət toplayıb onlara Sənin əbədiyyətə qovuşduğunu deyə bilməmişik...

Hələ də hər gün Səninlə bağlı bir hadisə, bizdən gizlətdiyin, sirr kimi saxladığın, Səninlə fəxr etməmizə imkan vermədiyin uğurunu eşidirik, həyatdaykən Sənə layiqi qiymət verə bilməmə təəssüfünü yaşayırıq ... İinsanlar Səni paylaşa paylaşa bitirə bilmirlər... Heç tanımadığımız birinin komandiri, birinin dostu, başqa birinin həyatını qurtaran qəhrəmanı, birinin kursant yoldaşı, birinin döyüş yoldaşı, birinin isə sirdaşı olmusan... Hər kəsdə Səni sahiblənmə, Sənin ona daha yaxın olman qüruru var...

40 mərasimində Sənin keçdiyin şərəfli  həyat yolunu işıqlandırmaq məqsədilə “Milli Qəhrəman Murad Mirzəyev Guşəsi” təşkil etdik. Səhərdən axşamadək Səni ziyarətə gəlmiş insanlarla yanaşı, ətrafdan gəlmiş gənclərlə, uşaqlarla doldu daşdı...

Şəhidlik zirvəsindən sonra da vətənpərvərlik nümunəsi olmaqda davam etdin, gənclərdə, uşaqlarda indidən Xüsusi təyinatlı əsgər, zabit olmaq, Vətənə layiqincə xidmət etmək, yeri gəldiyində Vətən uğrunda canından keçmək, şəhid olmaq  qığılcımını atəşlədin... Xalqımızda, millətimizdə 23 ildən bəri həsrət qaldığımız Qələbəyə inam əzmini, sevincini təkrar oyatdın, Qələbəyə ruhlandırdın...

Sən bizim üçün çox böyük işlər gördün, içimizdə heç ölməyən Milli ruhumuzun təkrar oyanmasına səbəb oldun...Heç alışıq olmadığımız, eyvanlarımızdan Azərbaycan Bayrağı, Zəfər Bayrağı dalğalandırmamıza vəsilə oldun, səbəb oldun...

Bəlkə eşidirsən, görürsən, biz Sənin üçün çox darıxmışıq... Ruhunu hər daim yanımızda hissedirik... İnşallah bir gün Sənin qanının yerdə qalmayacağına and içmiş neçə neçə qəhrəman oğullarımızla işğal altındakı bütün torpaqlarımızı düşməndən azad edərik, Sənin uğrunda döyüşdüyün, düşdüyün, qanının Vətən torpağına qarışdığı  o yerləri ziyarətə gələrik, bizi döyüş yoldaşların Samitlə, Mühütlə, Vüqarla, Adillə, Cavidlə, Pəncəliylə, eləcə də Vətən uğrunda canlarından keçmiş digər igidlərimizlə doğma Qarabağımızda salamlayarsan, qarşılayarsan.  İnanırıq ki o gün çox yaxındadır, görüşmək diləyilə cənab polkovnik...

Maqsud Həsənov