Urmiyənin İran parlamentiundəki millət vəkili Nadir Qazipur Urmu gölünün bərpası üçün canlandırma işlərinin davam etməsini istəyib.

O bu barədə çərşənbə axşamı günü Qərbi Azərbaycan Texniki Universitetində su sənayesi üzrə yeni texnologiya mövzusunda keçirilən tədbirdə danışıb.

“Urmu gölünün normal vəziyyətə çatması üçün 14 milyard kubmetr həcmində su olmalıdır. Ona görə də daha 10 milyard kubmetr suya ehtiyac var. Göldə son yağıntılardan əvvəl 2 milyard kubmetrdən az su olub, indi isə suyun həcmi 4 milyard kubmetrə çatıb.

Urmu gölü hələ bərpa olunmayıb, bunun üçün vaxt lazımdır. Bu istiqamətdə işlər davam etdirilməli və bunun üçün lazım olan büdcə vəsaiti təmin olunmalıdır.”- deyə o bildirib.

Nadir Qazipur Urmu gölü ətrafında çəkilən su bəndlərinə də işarə edib. O bildirib ki, çoxları bəndlərin tikilməsinə qarşı çıxırdı. Onlar hətta Nazlı və Baranduz bəndlərinin tikilməsinə mane oldular. Onlar bilməlidir ki, Qərbi Azərbaycan əhalisinə xəyanət etdilər. Ona görə ki, bəndlərin tikilməsi Urmu gölünü canlandırma işlərinin tərkib hissəsi idi.

Nadir Qazipur

Həmin tədbirdə iştirak edən Urmiyənin İran parlamentindəki digər millət vəkili Hadi Bahaduri də oxşar açıqlama ilə çıxış edib. Urmu gölünün canlandırılması üçün müəyyən işlərin görüldüyünü deyən millət vəkili bu işlərin davam etməsini tələb edib.

“Bir neçə il əvvəl artıq Urmu gölünə qurumuş göl kimi baxılırdı. Təəssüflə bəzi elm adamları da bu məsələyə siyasət adamlarının gözü ilə baxırdı. Elə göldə böhran da belə baxışlara görə yaranmışdır. Urmu gölü böhranına səbəb olan amillərin 70 faizi idarəçiliklə bağlıdır.”- deyə Hadi Bahaduri bildirib.

Hadi Bahaduri

Qeyd edək ki, son həftələrdə İran və Güney Azərbaycanda artan yağıntılar və bunun nəticəsində baş verən sel və daşqınlar Urmu gölündə suyun səviyyəsinin  müəyyən qədər artırıb. Hökumət rəsmiləri bu vəziyyətdən sui-istifadə edərək onu dövlətin etdiyi işlərlə əlaqələndirir.

Bəzi orqanlar isə göl artıq bərpa olundu kimi, bəyanatlar verərək gölün canlandırılması üçün az da olsa görülən işlərin dayandırılmasına çalışır. Bu məsələ bölgə əhalisi və bəzi millət vəkilləri tərəfindən etirazla qarşılanır./gunaz.tv/