Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millət vəkili Əhmədrza Əlirzabeygi “Traxtur” klubuna xəyanət edən qapıçı Möhsün Fruzanın həyat yoldaşı ilə birlikdə saxlandığını bildirib.

Millət vəkili bu barədə mətbuat nümayəndələrinə danışıb.

“Rəştin “Sepid rud” komandası ilə görüşdə oyunun nəticəsi ilə bağlı mərcə girən “Traxtur”un qapıçısı Möhsün Fruzan həyat yoldaşı ilə birlikdə məhkəmənin mətbuat və mədəniyyət şöbəsinin hökmü əsasında saxlanılıb. Məhkəmə futbolla bağlı qumar şəbəkəsi və Fruzanın iştirak etdiyi mərcləşmədə iştirak edənləri təqib etməkdədir”- deyə o bildirib.

Əhməd Əlirzabeygi vurğulayıb ki, artıq “Traxtur”-“Sepid rud” oyununda baş verən hadisənin üstü açılıb, ona görə də oyunun nəticəsinin dəyişməsi məqsədə uyğun olardı.

Bəzi kütləvi informasiya vasitələri isə mərcləşmə ilə bağlı Möhsün Fruzan və həyat yoldaşının “Sepah” əməkdaşları tərəfindən Tehranda saxlandığını bildirib.

Aprelin 12-də 18-ci super liqa yarışlarının yekunlaşmasına 6 oyun qalmış Rəştdə “Traxtur”la “Sepid rud” arasında görüş baş tutub. Oyun zamanı “Traxtur” komandasının qapıçısı Möhsün Fruzanın şübhəli hərəkətləri bütün tamaşaçılar, hətta ekspertlər tərəfindən müşahidə olunub. Oyunun nəticəsi ilə bağlı mərcə girdiyi və bu yolla külli miqdarda pul qazandığı deyilən Möhsün Fruzanın şübhəli şəkildə 3 qol buraxması komandasının böyük hesabla uduzmasına səbəb olub.

Qeyd edək ki, Möhsün Fruzan artıq “Traxtur” komandasından uzaqlaşdırılıb.