“Kəndlərin inkişaf etməsi üçün yol infrastrukturunun qurulması böyük əhəmiyyət kəsb edir. Təəssüflə Qərbi Azərbaycanda kənd yolarının 49 faizi torpaqdandır.”

Bu sözləri bu gün yatırım, məşğulluq və iqtisadi məsələlərlə bağlı Valilikdə keçirilən tədbirdə Qərbi Azərbaycan Valiliyinin Şura və Kənd İşləri üzrə Mərkəzinin rəisi Arif Xederlu bildirib.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda 2955 kənddən 2176-da 20-dən çox ailə yaşayır və kəndlərin 72 faizində 100 ailədən az sakin var. Bu o deməkdir ki, əyalətin kəndlərində yaşayan sakinlərin sayı azdır.

“66 kəndin hər birində 2 mindən çox insan yaşayır. Urmiyənin məşhur Balı kəndinin isə 14 min əhalisi var, bu kənd ola bilsin ki, ölkənin ən böyük kəndidir.

Əyalət sakinlərinin 34 faizi kəndlərdə yaşayır, 50 faizin isə gəlir mənbəyi kəndlə bağlıdır.”- deyə o bildirib.

Arif Xederlu vurğulayıb ki, kəndlərin inkişaf etməsi üçün yol infrastrukturunun qurulması böyük əhəmiyyət kəsb edir. Halbuki, Qərbi Azərbaycanda kənd yollarının 49 faizi torpaqdandır. Ona görə də yolların asfalt edilməsi çox vacib məsələdir. Bunun üçün ciddi tədbirlər alınmalıdır.

Qərbi Azərbaycan Valiliyinin Şura və Kənd İşləri üzrə Mərkəzinin rəisi əyalət kəndlərində yaşanan daha bir neçə problemə toxunub.

“Kəndlərdə hələ də çox sayda kaneks (dəmirdən hazırlanmış otaqlar) məktəb kimi istifadə olunur, bəzi məktəblər isə kirayəyə götürülüb. Kəndlərin 66 faizinə təbii qaz verilib, lakin bu, ölkənin ortalama hesabından aşağıdır. Dövlət bu istiqamətdə də lazımi addımlar atmalıdır.”- deyə o vurğulayıb./gunaz.tv/