Tanınmış güney azərbaycanlı milli-mədəni fəal, musiqi ustadı mərhum Həsən Dəmirçinin (Həsən Azərbaycan) vəfatının birinci ildönümü mərasimi keçirilib.

Mərasim cümə axşamı günü, iyunun 19-da Təbrizin “Vadi rəhmət” qəbiristanlığında baş tutub.

İldönümü mərasimində Güney Azərbaycanın müxtəlif bölgələrindən gələn çox sayda milli-mədəni fəal iştirak edib, onlar mərhum H.Dəmirçinin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

H.Dəmirçi 2017-ci il iyunun 24-ü sübh saatlarında Təbrizdə müalicə aldığı “Ali nəsəb” xəstəxanasında vəfat edib.

H.Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. O şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

H.Dəmirçi Güney Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

Azərbaycanlı fəal mərhum Prof. Zehtabi ilə birlikdə 1986-cı ildə Təbrizdə “Azərbaycan Mədəniyət Ocağı” Dərnəyinin qurucularından olub. O həmin zaman dərnəyin musiqi bölümü üzrə məsul seçilib.

“Azərbaycan Mədəniyət Ocağı” Dərnəyi musiqi sahəsində böyük uğurlara imza atıb. Bu dərnəyin sayəsində Əli Səlimi kimi böyük ustadlar musiqi sahəsində addımlamağa imkan tapıblar.
 
Mərhum muğam musiqisi haqda bir neçə cild kitabın müəllifi olub.
 
“Həsən Azərbaycan” adı ilə tanınan mərhum H.Dərmirçi həyatdaykən Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalmışdır./gunaz.tv/