Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi məktəblərdə ana dilinin tədris olunmasını təkidlə tələb edib.

O bu barədə iyulun 16-da Şərqi Azərbaycan Təhsil Şöbəsi Şurasının keçirdiyi tədbirdə danışıb.

Məhəmmədrza Purməhəmmədi bildirib ki, ana dilinin tədris olunması böyük əhəmiyyət kəsb edir. Bununla bağlı ölkə konstitusiyasında xüsusi maddə də var. Ona görə də hesab eliyirəm ki, əyalətin bir çox məktəbində ana dili tədris olunmalıdır.

Vali əlavə edib ki, bir çox ictimai problemi aradan qaldırmaq üçün təhsil sahəsinə xüsusi diqqət yetirilməlidir.

“Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası yaradılıb, bununla bağlı bu günə qədər heç bir poroblem ortaya çıxmayıb. Demək ki, məktəblərdə də problemsiz şəkildə ana dilini tədris etmək mümkündür.

Yol hərəkət qaydalarına riayət etməmək, oğurluq, inşaat sahəsində yol verilən qanunsuz hərəkətlər, bina evlərində insanlar arasında lazım olan davranış qaydalarına əməl etməmək və s. kimi məsələlərin kökündə təhsil amili dayanır. Təhsil məsələsinə lazmı qədər əhəmiyyət verilərsə, bir çox ictimai problem öz həllini tapar.”- deyə o vurğulayıb.

Şərqi Azərbaycan valisi sözlərinin davamında qeydiyyata alınması üçün şagirdlərin valdeyinlərindən pul tələb edən məktəb direktorlarına da xəbərdarlıq edib. O bildirib ki, məktəbə yardım yalnız könüllü şəkildə edilə bilər. Yardım adı ilə valdeyinlərdən pul tələb edən məktəb direktorları qanuna uyğun şəkildə ağır cəzalandırılacaq.

Qeyd edək ki, İranda ana dilində təhsil tələbi qeyri-fars millətləri tərəfindən irəli sürülən ən önəmli sosial tələbdir. Ölkənin prezident kimi yüksək rütbəli vəzifəli şəxsləri məsələ ilə bağlı dəfələrlə vədlər versələr də, bu istiqamətdə heç bir əməli addım atılmır. Konstitusiyanın 15-ci maddəsində İranda etniklər və yerli dillərin məktəblərdə tədris olunması və kütləvi informasiya vasitələrində azad şəkildə istifadə edilməsinin sərbəst olduğu qeyd olunub./gunaz.tv/