Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti ofisinin rəisi Fərhad Sərxoş gölün canlandırılması üçün nəzərdə tutulan layihələrlə bağlı növbəti dəfə ziddiyyətli açıqlama ilə çıxış edib.

Urmu gölündə suyun səviyyəsi tarazlığının 93 santimetr yüksəldiyini bildirən Fərhad Sərxoş gölün sahəsinin də böyüdüyünü diqqətə çatdırıb.

Bu barədə “İsna” xəbər agentliyinə danışan Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi bildirib ki, hazırda suyun səviyyəsinin tarazlığı 1271.23 metr, gölün sahəsi isə 2776 kvadrat kilometrdir.

“Urmu gölündə hazırda 3 milyard 240 milyon kubmetr həcmində su var. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 110 milyon kubmetr artım göstərir.”- deyə o əlavə edib.

Fərhad Sərxoş cari ildə Nazirlər Kabinetinin Urmu gölü üçün 200 milyard tümən büdcə vəsaiti nəzərdə tutduğunu bildirərək sözügedən layihələrdən heç birinin təxirə salınmadığını iddia edib.

Qeyd edək ki, Fərhad Sərxoş bu il dəfələrlə Urmu gölünün bərpası üçün nəzərdə tutulan müxtəlif layihələrin dayandığını bildirmişdir. O sentyabr ayında verdiyi açılamada qeyd etmişdir ki, “Urmu gölü layihələrinin icrası üçün yayın son ayınadək 200 milyard tüməndən çox vəsait ödənilməli idi. Təəssüflə bu vəd yerinə yetirilmədi və bu günə qədər layihələrlə bağlı hətta bir rial belə ödənilməyib.

Ötən il isə 500 milyard tümən istiqrazlar şəkilində təhvil verilib. Şübhəsiz ki, vəsait olmazsa, işlərdə durğunluq olacaq və layihələrin icrası təxirə salınacaq. Nəticədə Urmu gölünün canlandırılması nəzərdə tutulan vaxtda mümkün olmayacaq.

Urmu Gölünü Canlandırma Mərkəzi olaraq büdcə vəsaitinin ödənilməsi ilə bağlı çoxlu səy gəstərdik, lakin bir rial belə təmin olunmadı, iş fəsli isə artıq qurtarmaq üzrədir.”

Fərhad Sərxoş gölün bərpası üçün ayrılan vəsaitin ödənilib və ya ödənilmədiyinə aydınlıq gətirmədən, belə bir iddia ilə çıxış edib. Əhali isə layihələrin icrası ilə bağlı verilən açıqlamanın həqiqəti əks etdirmədiyinə inanır.

Qeyd edək ki, son aylarda bölgədə artan yağıntılar Urmu gölündə suyun səviyyəsinin nisbətən yüksəlməsinə səbəb olub. Lakin göl hələ də böhran içində və qurumaq təhlükəsi ilə üz-üzədir. Bölgə əhalisi və bəzi yerli məsullar göldə vəziyyətin yenidən pisləşəcəyi barədə xəbərdarlıq edərək dövləti bu istiqamətdə tədbir almağa çağırırlar./gunaz.tv/