Artıq onların tutulmasından 27 gün keçməsinə rəğmən, ailələrin fəallar barədə məlumat almaq üçün hər gün təhlükəsizlik və məhkəmə orqanlarına etdikləri müraciətlər cavabsız qalıb. 

Həmin orqanlar tərəfindən ailələrə heç bir konkret cavab verilməməsi onların fəalların vəziyyəti barədə narahatlıqlarını daha da artırıb. 

Həmin milli- mədəni fəallar sentyabrın sonları oktyabrın əvvəllərində Quzey Azərbaycana və onun Ordusuna Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlarda dəstək verdikləri üçün İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən vəhşicəsinə döyülərək həbs ediliblər.

Oktyabrın 24-də fəalların ailələri Ərdəbilin "Şəhid Behişti" məhkəməsinə gediblər. Orda məsullar bildiriblər ki, hakim Babək Nonəhal 4 gündür məzuniyyətdədir. Lakin uzun müzakirələrdən sonra məhkəmə məsulları etiraz ediblər ki, 500 milyon tümənlik mülki vəsiqələr çıxarılsa da, "cinayət işləri" onların əllərində deyil, Tehranın "Ettelaat" İdarəsindədir. Onlar, həmçinin bildiriblər ki, Tehranın "Ettelaat"ı tutulmuş fəalların hələ də həbsdə qalmalarını "məsləhət bilirlər" və onlar barədə son qərarı da "Ettelaat" verəcək. 

Daha öncə "Şəhid Behişti" məhkəməsinin hakimi Babək Nonəhal fəallar barədə məlumat almağa gəlmiş ailələrini nalayiq ifadələrlə təhqir edərək təhdid etmişdi. Həmin vaxt milli fəal Əli Xeyrcunun həyat yoldaşı xanım Əfsanə Əkbərzadə də səbəbsiz olaraq Babək Nonəhalın göstərişi ilə tutulmuşdu. 

Qarabağın azadlığı uğrunda keçirdiyi əməliyyatlarda Quzey Azərbaycan Ordusuna dəstək üçün keçirilmiş aksiyalarda tutulan güney azərbaycanlı fəallardan çoxunun mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılmasına baxmayaraq, sözügedən 8 fəalın eyni qaydada sərbəst buraxılmaması böyük narahatlığa səbəb olur. 

Əsgər Əkbərzadə, Əli Xeyrcu, Müctəba, Murtuza və Mustafa Pərvin, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Meysəm Colani hazırda Ərdəbilli Səreyn arasında yerləşən "Şaməsbi" həbsxanasında saxlanılan həmin fəallardır./gunaz.tv/