Sentyabr-noyabr aylarında davam edən hərbi döyüşlər zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı muzdlulardan və əcnəbi terrorçu döyüşçülərdən istifadə edilməsi barədə Xarici İşlər Nazirliyi tərəfindən müfəssəl hesabat hazırlanaraq BMT üzv dövlətlərinə, eləcə də müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 2020-ci ilin yekunlarına dair Mətbuat buraxılışında bildirilib.

Məlumatda qeyd olunub ki, Ermənistanın ölkəmizə qarşı son hərbi təcavüzü zamanı erməni diaspor təşkilatları tərəfindən təsis edilmiş fondlar vasitəsilə işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma rejimə və silahlı birləşmələrə maliyyə dəstəyinin göstərilməsinin qarşısının alınması istiqamətində “xeyriyyə təşkilatları” adı altında bu cür dəstəyi həyata keçirən qurumlar, eləcə də onlara xidmət göstərən bank və maliyyə təşkilatları barədə hesabat hazırlanaraq BMT üzv dövlətlərində maliyyə monitorinqini həyata keçirən strukturlara və müvafiq profilli beynəlxalq təşkilatlara təqdim edilmiş və fəaliyyəti terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş bu cür fondlara və qurumlara qarşı sərt tədbirlərin görülməsi tələb edilib.

Hesabatda o da bildirilib ki, həmçinin bu dövr ərzində, Azərbaycana qarşı yeni hərbi təcavüzü çərçivəsində Ermənistan tərəfindən beynəlxalq insan hüquqları hüququ və beynəlxalq humanitar hüququn pozulması, o cümlədən mülki şəxslərin məqsədyönlü hədəfə alınması, öldürülməsi, ictimai və şəxsi mülkiyyətin, mülki infrastrukturların hədəf alınması və bu əməllərin hüquqi qiymətləndirilməsi barədə mütəmadi hesabatlar hazırlanaraq BMT başda olmaqla, bütün aidiyyəti beynəlxalq təşkilatlara, habelə dövlətlərin Xarici İşlər Nazirliklərinə təqdim edilib.

Hərbi əməliyyatlar davam etdiyi müddətdə bir çox dünya ölkələri və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunmasına dəstək nümayiş etdirərək, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən və Azərbaycanla həmrəyliyini ifadə edən mövqedən çıxış edib.

44 gün ərzində aparılan Vətən Müharibəsində Azərbaycanın haqq mövqeyini hər zaman dəstəkləyən və yüksək mənəvi yardımını əsirgəməyən Türkiyənin töhfəsini ayrıca vurğulamaq lazımdır. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Türkiyə-Azərbaycan qardaşlığının və birliyinin sarsılmaz olduğu növbəti dəfə özünü bariz şəkildə büruzə verib.

Azərbaycanın ağır günlərində onun haqlı mövqeyinə izhar olunan birmənalı beynəlxalq dəstək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şəffaf, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında həyata keçirilən uğurlu xarici siyasət fəaliyyətin nəticəsi olub.