Şərqi Azərbaycan, Həmədan və Qəzvin vilayətləri daxil olmaqla, İranın bir çox vilayətində təqaüdçülər etiraz aksiyaları təşkil edib.

İran xəbər agentliklərinə istinadən, iranlı təqaüdçülər maaşlarının tənzimlənmə üsullarına etiraz edir. Keçən avqust ayından etibarən tətbiq edilən yeni islahata görə, İranda pensiyalar 2 milyon 800 min tümənə (28 milyon rial) artırılıb. Təqaüdçülər tənzimlənmə üsullarının gözdən keçirilməsini tələb edir.

“Aksiya keçirən təqaüdçülər deyir ki, yeni tənzimlənmələrə görə həyata keçirilən cuzi pensiya artımı inflyasiya nisbəti və yaşayış maliyyətinə uyğun deyil. Biz pensiyanın yaşayış səbətinə uyğun olaraq artırılmasını tələb edirik. Təqaüdçülərə pulsuz və yetərli səhiyyə xidmətinin təmin olunmasını istəyirik,” İLNA xəbər agentliyində dərc edilib.

Təbriz

Təbriz, Həmədan və Qəzvin kimi şəhərlərdə təqaüdçülər Sosial Müdafiə idarələrinin önündə toplaşıblar. Təbrizdə keçirilən aksiyadan yayımlanan bir videoda etirazçıların əlində üzərində “maaşımız rial (İranın pul vahidi) ilə, xərclərimiz dollar ilə” yazılmış plakatlar görünür.

Sosial media və internet səhifələrində paylaşılan görüntülərə əsasən, çox sayda təqaüdçü Sosial Müdafiə idarələrinin önündə təşkil edilən aksiyalara qatılıb.