Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə “Böyük dövlətlərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq oyunları” adlı kitab rus dilində çap edilib.

Fonddan bildirilib ki, müəllifləri akademik Yaqub Mahmudov və dosent Güntəkin Nəcəfli olan kitabda erməni tarixçiləri və onların havadarlarının uydurduqları saxta erməni tarixi faktlarla ifşa edilib, çar Rusiyasının XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaratmaq siyasəti tədqiq edilib.

XIX əsrin əvvəllərində I Pyotrun erməniləri Cənubi Qafqaza - Şimali Azərbaycan torpaqlarına köçürmək siyasətini həyata keçirməyə başladığı, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, Qacarlar İranından və Osmanlı imperiyasından ermənilərin kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürüldüyü, bu proses zamanı çar məmurlarının və ermənilərin xalqımıza qarşı soyqırımı və etnik təmizləmələr törətdikləri nəzərə çatdırılıb.

Kitaba çar Rusiyasının arxiv sənədləri, imperatorun göstərişləri, erməni saxtakarlığını ifşa edən tarixi materiallar da daxil edilib.