İran Azərbaycanının Urmiyə şəhərində yaşayan siyasi fəal Əli Əziziyə apellyasiya məhkəməsi tərəfindən cərimə cəzası verilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Urmiyəli siyasi fəal Əli Əzizi Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 6-cı şöbəsi tərəfindən 4 milyon tümən cərimə cəzası alıb.

Siyasi fəal daha öncə sentyabrın 14-də keçirilən məhkəmə iclası nəticəsində Təbriz İnqilab məhkəməsinin 3-cü şöbəsi tərəfindən 6 il həbs cəzasına məhkum edilmişdi.

Əzizi "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "GAMAC adlı qeyri qanuni təşkilata üzv olmaq" ittihamları ilə Təbriz İnqilab məhkəməsinin 3-cü şöbəsinin sədri olan hakim Fəthnijad tərəfindən 6 il həbs cəzasına məhkum edilmişdi. Apellyasiya məhkəməsi tərəfindən fəalın vəkili olan Əsgər Məhəmmədiyə göndərilən bildirişə görə, siyasi fəal "GAMAC adlı qeyri qanuni təşkilata üzv olmaq" ittihamından bəraət hökmü qazanıb və "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamına görə isə 3 milyon tümən cərimə ödəməyə məhkum edilib.

Oktyabrın 21-də Güneyli milli fəal Əli Əzizinin işi ilə bağlı ikinci məhkəmə iclası Təbriz Cəza Məhkəməsinin 107-ci şöbəsində fəala qarşı irəli sürülən “kiber məkanda yalan məlumat yaymaq” ittihamı ilə əlaqədar keçirilmişdi ki, həmin ittihama görə, apellyasiya məhkəməsi Əzizini 1 milyon tümən cərimə ödəməyə məhkum edib.

Əli Əzizi fevral ayının 23-də İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən atasının evində nəzarət altına alınıb və martın 25-də 500 milyon tümənlik mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmlşdı.

Əli Əzizi daha əvvəl 2019-cu ilin noyabr ayında İranın müxtəlif şəhərlərində keçirilən kütləvi etirazlarla əlaqədar Urmiyə şəhərində həbs edilib və “ümumi intizam və asayişi pozmaq” və “qanunsuz aksiya keçirərək yolu bağlamaq” ittihamları ilə mühakimə olduqdan sonra 20 zərbə şallaq və 15 milyon rial cərimə cəzasına məhkum olmuşdu.

Əzizi dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən tutulub və hökümət məhkəmələri tərəfindən fərqli cəzalara məhkum edilib.