Son zamanlarda Təbriz deputatı Məsud Pezeşkiyan iyunun 18-də İranda keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmək ehtimalını inkar etmir.

Reformist cərəyanına yaxınlığı ilə tanınan Məsud Pezeşkiyan İran televiziyasında yayımlanan bir verilişdə yaxın gələcəkdə ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyinə dair suala cavab olaraq deyib ki, "Namizəd olmaq ehtimalı var, amma gedişatın necə olacağını gözləyirik."

O, daha öncə bu xəbərin doğru olub-olmadığı barədə mətbuata "Hələ bir xəbər yoxdur" demişdi. Həmin zaman Pezeşkiyan namizədliklə əlaqədar olaraq İranın keçmiş reformist prezidenti Məhəmməd Xatəmi ilə görüş keçirmədiyini bildirmişdi.

İranda reformist cərəyanı hələ ki, heç kimin namizədliyi barədə qərar vermədiyini vurğulasa da, bir sıra xəbər agentlikləri Məhəmmədrza Arif və Məsud Pezeşkiyanın kimi reformist fiqurların İranda keçiriləcək prezident seçkilərində namizəd olacaqlarının ehtimal edirlər.

İranın fundamentalist siyasi cərəyanına yaxın xəbər agentlikləri hazırda prezident seçkilərində İslam İnqilabı Qvardiyasının (Sepah) üzvlərindən olan Hüseyn Dehgan və Səid Məhəmməd kimi fiqurların namizədliklərini irəli sürəcəklərini proqnozlaşdırırlar. İranın dini liderinin müdafiə müşaviri Hüseyn Dehgan mətbuata prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib. Bu isə reformist siyasi cərəyandan olan bəzi şəxslər arasında ölkənin daha da avtoritar sistemə keçəcəyi barədə narahatlığa səbəb olub.

İranda reformist cərəyanının ideoloqu kimi tanınan Səid Həccariyan Etemad qəzetinə müsahibəsində ölkədə hərbi hakimiyyətin qurulmasının konstitusiyaya zidd olduğunu ifadə etsə də, belə bir ehtimala ciddi yanaşmağın vacibliyini qeyd edib. Həccariyan həmin müsahibəsində hərbi hakimiyyətin ölkəyə baha başa gəldiyi və bəşəri sərmayəni aradan qaldırdığı barədə xəbərdarlıq edərək deyib ki, “hərbi hakimiyyət ölkənin bəzi kənar bölgələrini təhrik edir və etnik böhranları dərinləşdirir, çünki belə bir arqument ortaya atılır ki mərkəzi hökumətin silahlı olduğu halda niyə biz olmayaq? Buna görə inanıram ki, ölkə belə bir fəlakətə doğru aparılmamalıdır.”

İranın son parlament seçkilərində seçici fəallığı 42.57 faiz olmuşdu ki, bu da İran İslam Respublikası tarixində ən aşağı göstərici idi. Ancaq İranın ali dini lideri Əli Xamenei həmin seçkilərdə seçici fəallığının yüksək olduğunu irəli sürərək seçkiləri “İran millətinin uğur qazandığı böyük imtahan” olaraq dəyərləndirmişdi.

İranda statistika qurumlarının fəaliyyəti mümkün olmadığı üçün dünyanın əksər ölkələrində olduğu kimi müntəzəm seçki anketlər keçirilmir və qarşıdan gələn seçkilərdə seçici fəallığı barədə hər hansı bir elmi proqnozlaşdırma yoxdur. Ancaq müxalifətə yaxın cərəyanlar son parlament seçkilərində seçici fəallığının azalması və son illərdə ölkədə baş tutan ümumi etirazları nəzərə alaraq, gələcək seçkilərdə də seçici fəallağının azalacağını təxmin etməklə yanaşı xalqı seçkilərdə iştirak etməkdən imtina etməyə çağırırlar.