Güneyli milli fəal Yaşar Piri Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxıldıqdan sonra xəstəxanaya yerləşdirilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, fəalın qardaşı Ruzbeh Piri bu barədə öz İnstagram səhifəsində məlumat yayıb. O, qardaşının sağlamlıq durumunun heç də yaxşı olmadığını qeyd edib.

Yaşar Piri Fevral ayının 26-dan Təbrizin İmam Rza xəstəxanasına yerləşdirilib. Bu barədə Ərk İnsan Haqları Cəmiyyəti məlumat yayıb.

Milli fəalın yaxınları tərəfindən sosial mediada yayımlanan görüntülərə görə, Yaşar Piri həbsdə olduğu müddətdə İran hökumətinin təhlükəsizlik qüvvələri və həbsxana məmurları tərəfindən işgəncə və döyülmə nəticəsində bədəninin bir neçə hissəsi göyərib.

Thlükəsizlik qüvvələri tərəfindən onu tutmaq üçün bibər qazından istifadə etmələri nəticəsində fəalın tənəffüs yolları zərər görüb və nəfəs darlığı keçirir.

O, fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, naməlum bir yerə aparılmışdı.

Təbrizdə yaşayan milli fəal Yaşar Piri fevral ayının 24-də 50 milyon tümənlik girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

O, daha öncə 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə nəzarət altına alınmışdı. Qardaşlar həbs edildikdən sonra müxtəlif ağır ittihamlarla üzləşmişdilər.