Azərbaycan Prezidenti İlham Əliyev koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin birgə mübarizəsinin və bu sahədə sıx əməkdaşlığın vacibliyini dəfələrlə vurğulamışdır. Bu mənada, vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponent olduğu bildirilmişdir. COVAX platformasının bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizm olduğununu nəzərə alaraq, Azərbaycan ötən il COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olub.

Lakin COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hələ də əməl edilmir. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanı örnək dövlətlərdən biri kimi göstərir. Bu gün Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda, ölkəmizə qarşı bu münasibət yanlışdır və təsisatın məram və məqsədinə ziddir.

Vurğulamaq lazımdır ki, koronavirus pandemiyası başlayandan etibarən Azərbaycan bu virusa qarşı həm daxili, həm də beynəlxalq müstəvidə sistemli tədbirlər həyata keçirib, bu bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində yeni təşəbbüslərlə çıxış edib.

Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçən ilin dekabrında uğurla keçirilib və beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu bəlaya qarşı qlobal səviyyədə mübarizə aparmaq, əməkdaşlığın gücləndirilməsi məqsədilə müxtəlif yenilikçi təşəbbüslərlə çıxış edir və bu təşəbbüslərin reallaşdırılmasında fəal iştirak edir. Həmçinin, ölkəmiz koronavirusa qarşı mübarizə istiqamətində 30-dan çox ölkəyə humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayırıb.

Bundan başqa, ölkəmiz vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən olub. Azərbaycan bütün məsələlərdə olduğu kimi, koronavirus bəlası ilə mübarizədə də beynəlxalq müstəvidə öz töhfəsini verir, lakin əfsuslar olsun ki, bu cür fəaliyyətə baxmayaraq, ölkəmiz ikili standartlarla üz-üzə qalmaqdadır. Belə ki, vaksinlərin ədalətli bölüşdürülməsinə cavabdeh olan COVAX öncədən razılaşdırılmış vaxtda və sayda vaksinləri ölkəmizə hələ də təhvil verməməsi azmış kimi son günlərdə COVAX tərəfindən Azərbaycana məlumat verilib ki, vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da verilmə vaxtı qeyri-müəyyəndir. Lakin COVAX tərəfindən qonşu və dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb.

Nəzərə almaq lazımdır ki, bu ikili standartlar insanların vaxtında vaksin olunma imkanını əlindən alır, onların həyatını təhlükədə qoyur, hətta insanların həyatı bahasına başa gələ bilər.

Azərbaycanın mövqeyi belədir ki, vaksinləri yalnız imkanlı, varlı dövlətlər əldə etməməlidirlər. Burada kasıb ölkələrin də mənafeləri nəzərə alınmalı və peyvənd onlara da çatdırılmalıdır. Yeri gəlmişkən, bu il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamə BMT-nin üzv dövlətlərinə və digər əlaqədar qurumlara (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırış edir. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən qətnamə bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağa çağırır.

Odur ki, Azərbaycana qarşı bugünkü reallıqlar bizdə ancaq təəssüf doğurur. Bu məsələdə ÜST-ün də üzərinə məsuliyyət düşür. O, vaksinin hər bir dövlət üçün əlçatan olmasını təmin etməli, vaksinin paylanılmasında ədalət prinsipinin pozulmasna göz yummamalıdır.