“Nizama müxalif və bölücü qruplara üzv olmaq”da ittiham edilən milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz İnqilab Məhkəməsinə çağırılıb.

Sultani və Kiyumərsi keçən ilin oktyabr ayında Azərbaycan Respublikasına dəstək aksiyaları ilə əlaqədar Şərqi Azərbaycan vilayətinin Culfa şəhərində nəzarət altına alınaraq İranın Təbrizdəki kəşfiyyat həbsxanasına göndərilmişdilər. Türk fəallar iki aydan artıq həbsdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, fəallara göndərilən çağırış vərəqələrində onlardan may ayının 24-də Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsinə müraciət etmələri tələb olunub.

Səid Sultani və Babək Kiyumərsi təqribən iki həftə əvvəl Təbrizin ümumi və inqilab prokurorluğuna çağırılmışdılar. Həmin gün onlara qarşı irəli sürülən “nizama müxalif və bölücü qruplara üzv olmaq” ittihamı prokurokuror tərəfindən oxunmuşdu.

Keçən ilin sentyabr və oktyabr aylarında Qarabağ müharibəsi zamanı İran Azərbaycanında təşkil olunan aksiyalarla əlaqədar nəzarət altına alınmış yüzlərlə vətəndaşın mühakimə prosesi İran məhkəmələrində davam edir. Keçən aylar ərzində mühakimə edilən bir sıra vətəndaşlar haqqında həbs, şallaq və cərimə kimi cəzalar çıxarılıb, bəzi vətəndaşlara bəraət qazandırılıb. Bir çox vətəndaş isə məhkəməyə çağırış gözləyir.