UEFA AFFA-ya məktub göndərib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu assosiasiyaya AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyunu ilə bağlı təşəkkürünü bildirib.

UEFA-nın baş direktoru Martin Kallen tərəfindən göndərilən məktubda qrup və 1/4 final mərhələsinin matçlarında yüksək təşkilatçılıq xüsusi vurğulanıb: “Bu, inanılmaz uğurdur! Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. AVRO-2020 layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların bir komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz”.

Kallen Bakıdakı görüşlərdən birini canlı izlədiyini də qeyd edib: “Bakıda keçirilmiş bir oyunda iştirak etmək şərəfinə nail oldum. İşçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, AVRO-2020 oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü. Bunu həmişə - bu gün və bu yaydakı yarışdan hələ çox sonra da xatırlaya və bununla fəxr edə bilərsiniz”.

UEFA-nın baş direktoru sözlərini bu şəkildə davam etdirib: “Bu müddət ərzində birlikdə çalışdıqdan sonra siz UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrildiniz. Ümid edirəm ki, bu layihədə çalışdığınız müddətdə zövq aldınız və turnirin həyəcanlı keçəcəyi şübhə doğurmayan qalan oyunlarını izləməkdən də zövq alacaqsınız. Həm UEFA, həm də öz adımdan bütün gələcək işlərinizdə sizə xoş arzularımı çatdırıram!”

Qeyd edək ki, AVRO-2020-nin A qrupu çərçivəsində Uels – İsveçrə (1:1), Türkiyə - Uels (0:2), İsveçrə - Türkiyə (3:1) matçları və 1/4 final mərhələsinin Çexiya – Danimarka (1:2) qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.