Şuşada və Daşaltı kəndində turizm sahəsində görüləcək işlərə dair konsepsiya hazırlanır.

Bunu Trend-ə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. O bildirib ki, yaxın müddətdə bu barədə ictimaiyyətə geniş məlumat verəcəyik.

"Həmçinin Suqovuşanda da işlər başlayacaq. Lakin hər şeydən öncə təhlükəsizliyin təmin olunması vacibdir. Qarabağda eyni zamanda "dark turizm" də olacaq. Bildiyiniz kimi dünyanın bir çox ölkəsində bu təcrübə var. Şəhərin bəzi hissələrində dağıntıların bir qismi saxlanılır və gələn turizmə bunun tarixi barədə məlumat verilir. Biz də Ağdamda bunu etmək fikrindəyik. Şəhərin müəyyən hissəsində dağıdılmış binalardan bir kvartal saxlayacağıq. Bu, həm xarici turistlərin marağını cəlb edər, həm də gələcək nəsillər üçün bir xatırlatma olar. Tariximizi unutmamalı, keçmişimizdən dərs çıxarmalıyıq".