Ermənistanla Azərbaycan arasında dəmir yolunun bərpası ilkin hesablamalara görə, 3 ilə qədər vaxt aparacaq.

Modern.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi bildirib.

Qeyd edilib ki, Ermənistanda hələ ki Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yoluna hər hansı nəzarət məsələsi müzakirə edilmir.

"Dəmir yolu beynəlxalq səviyyədə qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun olaraq - qarşılıqlı əsasda və ölkələrin suverenliyi və səlahiyyətləri çərçivəsində fəaliyyət göstərəcək", - Mher Qriqoryan bildirib.

Onun sözlərinə görə, Yerasx-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun uzunluğu təqribən 340 km olacaq ki, bunun da 45 km-i Ermənistan Respublikasının ərazisindən keçəcək.

Mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistandakı obyektlərdə bərpa işlərinin indikativ büdcəsi təxminən 200 milyon dollar təşkil edəcək və işlər 36 ay ərzində tam həcmdə başa çatdırıla bilər.

Mher Qriqoryan deyib: "Tikinti işlərinin başlanmasının dəqiq tarixlərini deyə bilmərəm. Amma bu hissədə razılaşmaların tezliklə tənzimlənməsi və dərhal işə başlaması üçün qarşılıqlı inam var".

Onun sözlərinə görə, dəmir yolu stansiyalarının yeri yekun layihədə dəqiqləşdiriləcək.

Dekabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə  Soçidə (Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə) və Brüsseldə (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə) görüşlərdə razılıq əldə olunduğunu təsdiqləyib.

Baş nazir yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlanılması barədə göstəriş verib.

Regionda kommunikasiyaların yaradılması məsələsi 2021-ci ilin yanvarında Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında aparılan danışıqlardan sonra yaradılmış işçi qrupun səlahiyyətinə daxildir. Ona üç ölkənin baş nazirinin müavinləri rəhbərlik edir. İşçi qrupu Ermənistan və Azərbaycan arasında və iki ölkə ərazisindən beynəlxalq daşımaların təşkili üçün zəruri olan yeni nəqliyyat infrastrukturunun bərpası və tikintisinə cavabdehdir.