İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəallar 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökumətinin devrilməsindən sonra İran ordusu tərəfindən türkcə kitabların yandırılmasının 75-ci ildönümü qeyd ediblər.

Amerikanın Səsinin bölgədən əldə etdiyi məlumata görə, türk dil haqları fəalları bu münasibətlə cümə günü bəzi şəhərlərdə ənənəvi türkcə kitab paylama kampaniyaları təşkil edib.

Sosial şəbəkələrdə paylaşılan görüntülərə əsasən, Ərdəbil şəhərinin küçələrində uşaqlara Türkiyə Cümhuriyyətinin banisi Atatürkün 1927-ci ilin oktyabr ayındakı nitq və çıxışlarını ehtiva edən “Nutuk” kitabı hədiyə edilib.

1946-cı ilin dekabrında Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə qurulmuş Azərbaycan Milli Hökuməti devrildikdən sonra həmin hökumət dönəmində çap olunmuş türkcə kitablar İran Ordusu tərəfindən yandırılıb. Türk fəallar dekabr ayının 17-ni “Güney Azərbaycanda Kitab Günü” adlandıraraq bu hadisənin ildönümünü qeyd edirlər.

ABŞ-da bacarıqlı bir kardiotorasik cərrah kimi tanınan Şapur Ənsari daha əvvəl Amerikanın Səsi ilə söhbətdə milli hökumətin devrilməsindən sonra türkcə dərsliklərinin yandırılması ilə bağlı təəssüratını bölüşüb.

Həmin illərdə üçüncü sinifdə təhsil alan cənab Ənsari deyib ki, “Dedilər bu dil pis dildir, kitablarınızı gətirib yandırın. Mən özüm də günahkaram. Kitabları yandıranda mən də iştirak etdim. Evdən türkcə kitablarımızı və qəzetləri gətirib yandırdıq... O olayı heç vaxt unutmaram. Buna səbəb olanları, heç kəsi isə heç zaman bağışlamaram.”

Tanınmış yazar və Pen Kanadanın sabiq prezidenti Rza Bərahəni isə həmin dövrdən müşahidələri haqqında belə yazıb:

“Onlar bizi türk dilində yazılmış dərslikləri Təbrizin Şəhrdari (Bələdiyyə) meydanına toplamağa və onları yandırmağa məcbur etdilər. Kitabların alovları bizim başımız üstündə dar ağacından asılmış kişilərin ayaqlarına qədər qalxırdı.”