Azərbaycan Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib ki, əgər İrəvan sülh müqaviləsindən imtina etsə, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik.

Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko Trend-ə bildirib ki, sülh müqaviləsi Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycan olmasını tanımasını əks etdirməlidir.

“Bu, yəni qonşulara torpaq iddiasından imtina sülh müqaviləsi ilə yanaşı, Ermənistan konstitusiyasında da əks olunmalıdır. İrəvanın sülh sazişindən imtinası Azərbaycanı da ümumilikdə analoji vəziyyətə qoyur, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımazsa, Azərbaycan niyə Ermənistanın ərazi bütövlüyünü tanımalıdır. Burada qarşılıqlılıq prinsipi işləməlidir. Bu, beynəlxalq diplomatiyanın baza prinsipidir. Və əgər Ermənistan mövcud reallıqları tanımaqdan imtina edərsə, Azərbaycanın da analoji addım atmaq hüququ var. Nəzərə alsaq ki, Prezident İlham Əliyev ixtisasca diplomatdır, beynəlxalq diplomatiyanın bilicisidir, onun mövqeyi hüquqi baxımdan tamamilə düzgündür və Ermənistandakı bütün siyasi qüvvələri qarşıdurma deyil, realizm yolunu seçməyə vadar etməyə yönəlib. Çünki qarşıdurma Ermənistanı proqnozlaşdırılmayan, kədərli fəsadlara gətirib çıxara bilər”, - deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanın siyasi elitasının bir hissəsi əvvəlki kimi revanşa və bu revanşda xarici qüvvələrin dəstəyinə köklənib.

“Xarici qüvvələr qismində bəzi ölkələrin destruktiv siyasətçiləri çıxış edir. Onlardan bəziləri ya korrupsionerdir, ya da erməni lobbisinin maraqlarını əks etdirir. Amma erməni lobbisinin özü də, ABŞ və ya Fransadkı erməni diasporları destruktiv revanşist mövqedən çıxış edir”, - İ.Korotçenko deyib.

Ekspert vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi Ermənistan iqtisadiyyatının daha səmərəli işləməsi üçün şansdır.

“Sülh müqaviləsi qarşıdurmanın sonudur, sərhədlərin açılması və nəqliyyat-logistika, iqtisadi layihələrdə fəal iştirak deməkdir. Ona görə də sülh müqaviləsi Ermənistan üçün öz maraqları baxımından vacibdir. İqtisadiyyat istənilən ölkənin səmərəli funksiyası üçün təməldir, ona görə də Azərbaycanla sülh müqaviləsi Ermənistan iqtisadiyyatının daha səmərəli işləməsi, dövlət büdcəsinin dolması, erməni əhalinin həyat şəraitinin yaxşılaşması üçün şansdır. Onun üçün də Ermənistan sülh müqaviləsində hətta Azərbaycandan daha çox maraqlı olmalıdır”, - ekspert qeyd edib.