Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən, Avropa və ABŞ-da uşaqlarda yayılan mənşəyi məlum olmayan hepatit virusuna indiyə qədər 11 ölkədə yoluxma halı aşkarlanıb.

Azərbaycan Respublikasının səhiyyə qurumları tərəfindən respublika ərazisində epidimioloji vəziyyət dərhal araşdırılıb. Nəticələrə əsasən, indiyə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı aşkarlanmayıb.

Pediatr Vaqif Qarayev məsələ ilə bağlı Modern.az-a danışarkən bu məsələnin ajiotaja çevrilmə tərəfdarı olmadığını söyləyib.

Həkim qeyd edib ki, uşaqlar arasında yayılmış hepatit virusu haqqında ancaq mediadan oxuduğu qədər məlumatlıdır:

"Mənşəyi məlum olmayan bir virus haqqında heç nə demək olmaz. Sərhədlər açıqdırsa, virusun ölkəyə gəlmə ehtimalı ola bilər. Ancaq bilmirik ki, virus hansı yolla yayılır. Hepatit A kontaktla qidayla yayılır, Hepatit B qan toxuması ilə yayılır. Bu virusun isə mənşəyi məlum deyil,ona görə də qorunma yolunu da bilmirik. Bu məlumatı yayıb insanları təşvişə salmayaq".

"Koronavirus yetərli qədər insanların psixologiyasına təsir edib, bir də bu cür xəbərlərlə onları gərginliyə salmayaq. Xəbərdarlıq etmək lazımdır, ancaq məlumatı da dəqiq vermək lazımdır. İnsanlar bilsinlər ki, virusun hansı növüdür, necə qorunacaqlar", - deyə pediatr vurğulayıb.