AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”  •   Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək   •   Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir  •   Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI  •   Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib  •   Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...  •   Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib  •   Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik  •   Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"  •   Urmiyə gölünün su səviyyəsi sürətlə azalır  •   Azərbaycanın analoji addım atmaq hüququ var  •   Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var  •   Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb  •   Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi  •   Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb  •   "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”  •   Türkiyənin 40 rektoru Azərbaycana gəlir  •   Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir   •   Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər  •   Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» 30 illik işğalın böyük fəsadları – Ermənilər regionun ekoloji tarazlığını pozub
16/04/2022 Yazdır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın törətdiyi kütləvi ekoloji terror və fəlakət ağlasığmaz dərəcədə böyükdür. Qarabağ bölgəsini 30 ilə yaxın işğal altında saxlayan ermənilər orada kütləvi yanğınlar törədib, meşəlikləri, xüsusi ağac və bitki növlərini məhv edib, vəhşi heyvanları belə öldürməkdən çəkinməyiblər. Erməni vandallarının törətdiyi ekoloji terror su mənbələrimizin korlanmasına, flora və fauna sisteminin ciddi məhvinə, meşələrimizin qırılmasına, regionun ekoloji tarazlığının pozulmasına gətirib çıxarıb. Ərazilərimiz düşmən tapdağında olduğu müddətdə tanınmaz hala salınıb, viran edilib, xarabalığa çevrilib.

Ermənistan Qarabağ bölgəsində ekologiyanı məhv etməklə bərabər, yeraltı və yerüstü sərvətlərimizi də talayıb. Kəlbəcər rayonu işğal altında olduğu müddətdə ərazisindəki “İstisu” təbii mineral suyu Ermənistanın “Cermuk” şirkətlər qrupu tərəfindən qablaşdırılıb, üzərində Ermənistanın Cermuk yaşayış məntəqəsinin ərazisindəki bulaqlardan doldurulması barədə kimyəvi tərkib haqqında saxta məlumatlar yazılmaqla, adıçəkilən şirkətlər tərəfindən xarici ölkələrə satılıb.

İşğal dövründə Azərbaycan dəfələrlə Ermənistanın əməlləri haqqında beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırsa da, həmişəki kimi Ermənistana yetərli təzyiq olmayıb. BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Həmçinin, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdu. Ancaq bu beynəlxalq hüquqi çağırışlar cavabsız qaldı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Bundan əlavə, Laçın rayonunda Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı, ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü mövcud olub. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb. Təbii sərvətlərlə zəngin Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcud olub.

Qubadlı şəhərinin mərkəzində təbiət abidələri olan, yaşı 150-300 ilə çatan Şərq çinarları, iri diametrli çoxillik qoz ağacları məhv edilib, 1960-cı illərdə salınmış sahəsi 2 hektar olan meşə-park yerlə-yeksan olunub. Məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi var idi. Bundan 13197,5 hektarı qiymətli ağac növləri olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb. Qeyd edilən ərazilərdə təmas xəttində meşə sərvətlərinin talan edilməsi işinə birbaşa işğalçı ordunun hərbi qulluqçuları tərəfindən rəhbərlik edilib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev nazirliyin işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlər gördüyünü söyləyib. F. Əliyev vurğulayıb ki, Qarabağ bölgəsində məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına, doğma torpaqlarımıza Böyük Qayıdış təntənəsinə hər kəs böyük ruh yüksəkliyi və qələbə sevinci ilə öz töhfəsini verməyə çalışır:

“İşğaldan azad edilmiş ərazilərimizdə - Qubadlı, Cəbrayıl və digər rayonlarda ağacəkmə aksiyaları həyata keçirilib. Bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri davam etdiriləcək”.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov ötən il Azərbaycan Televiziyasının “Ekoetika” verilişinin çəkiliş qrupu ilə işğaldan azad olunmuş Arazboyu ərazilərdən başlayaraq Zəngilan və Cəbrayıl rayonlarına səfər etmişdi. Səfərin məqsədi 30 ilə yaxın müddətdə burada törədilən ekoterroru daha yaxından görmək, işğal dövründə Azərbaycan ərazisinə dəyən ziyanın miqyasını müəyyənləşdirmək olub.

Coğrafiyaçı alim səfər zamanı şahid olduqlarına əsasən bildirib ki, Araz çayı ətraf ərazilərlə birgə vahid kompleks təşkil edən ekosistemdir. Kompleksdə hər hansı dəyişiklik olduqda, bu özünü Araz çayında göstərir:

“Kiçik Qafqazın Cənub-Şərq yamacından axan çayların əksəriyyəti Azərbaycanın ikinci ən böyük çayı olan Araza tökülür və ermənilərin işğalı altında olmuş ərazilərdə törədilən ekoloji terrorun təsiri bilavasitə çayda özünü göstərir. Dağ-mədən sənayesi tullantıları, törədilən yanğınlar, meşələrin kəsilməsi, bulaqların quruması, bundan əlavə, Ermənistandan axan çirklənmiş çaylar, eləcə də İrəvandan axan və şəhərin çirkabını özündə daşıyan Zəngi (Razdan) çayı Arazın vəziyyətini bir az da ağırlaşdırır. Ermənistanın bu işdə məsuliyyət daşıması üçün ölkəni beynəlxalq səviyyədə uyğun konvensiyalara qoşulmağa məcbur etmək vacibdir”.

Ekoloq, kimya üzrə fəlsəfə doktoru Asəf Bayramov isə araşdırmasında qeyd edib ki, Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 km hissəsində mikroflora və mikrofauna məhv edilib, suyun tərkibindəki ağır metalların miqdarı normadan artıqdır. A. Bayramov deyib ki, işğal dövründə Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçay olub:

“Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını, turş sularını Oxçuçaya axıdaraq, ekoloji təhlükəni daha da dərinləşdirib. Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad olunması Ermənistan tərəfindən su axıntısının qarşısını aldığı Suqovuşan su anbarının da azad olunması ilə nəticələndi. Bu da Tərtər, Yevlax, Goranboy rayonları ərazilərində ekoloji vəziyyətin yaxşılaşmasını təmin edəcək. Ümumi su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarında 1994-cü ildən Ermənistan tərəfindən su axımı demək olar ki, bağlanmışdı. Anbardan kanala su yalnız  qış aylarında daşqın yaratmaq, əraziləri ekoloji terrora məruz qoymaq məqsədilə buraxılırdı”.

Ekoloq yeraltı-yerüstü sərvətlərimizin ermənilər tərəfindən talanması faktlarına da nümunələr göstərib:

“İşğaldan azad olunmuş Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər rayonundakı Söyüdlü faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarılıb, təbii sərvətlərimiz mənimsənilib, ətraf ərazilər çirklənməyə məruz qoyulub”. 

Vurğulamaq yerinə düşər ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra oradakı ekoloji vəziyyətin araşdırılması məqsədi ilə həyata keçirilən monitorinqlərin nəticələrinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 31 beynəlxalq təşkilata müraciət göndərilib. Ermənistanın silahlı təcavüzü, işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi, mənəvi və ekoloji ziyan dəyib. Dəymiş ziyanın miqdarı dəqiqləşdirilib, hesabatı aparıldıqdan sonra Ermənistanın vurduğu ziyanla əlaqədar kompensasiyaya cəlb ediləcəyinə ümidvarıq.